ABŞ 26 ildən artıq müddətdən sonra qızılcanın ləğv edildiyi ölkə statusunu itirib. Səhiyyə mütəxəssisləri ölkədəki epidemiya ilə vaksinlərə inamın azalması arasında əlaqə olduğunu bildirirlər.
AnewZ-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Amerika regionu üzrə qurumu olan Pan-Amerika Səhiyyə Təşkilatı (PAST) çərşənbə axşamı virusun ABŞ-da bir ildən çoxdur fasiləsiz yayıldığına qərar verib. Statusun itirilməsi üçün müəyyən edilmiş hədd budur. Meksika və Boliviya da eyni vaxtda bu statusdan məhrum edilib.
PAST-ın direktoru Jarbas Barbosa qərarı “əhəmiyyətli geriləmə” adlandırıb, lakin hər üç ölkə hökumətinin epidemiyaları nəzarətə almaq üçün çalışdığını deyib. “Boliviya, Meksika və ABŞ peyvəndləməni, müşahidəni və epidemiyalara cavab tədbirlərini gücləndirmək üçün addımlar atır”, – o, jurnalistlərə bildirib.
Barbosanın sözlərinə görə, bu status sadəcə adlandırma deyil: onun itirilməsi virusun qarşısı alına biləcək xəstəlik, xəstəxanada müalicə və ölüm riski yaradacaq qədər uzun müddətdir dövr etdiyini göstərir.
Cons Hopkins Universitetinin Səhiyyə Təhlükəsizliyi Mərkəzindən doktor Amesh Adalja qərarın mövcud vəziyyəti rəsmiləşdirdiyini deyib: “PAST-ın qərarı onsuz da aydın görünənləri təsdiqləyir. ABŞ qızılcaya nəzarət imkanını itirib”.
ABŞ-da yoluxmalar və ölüm halları artıb
ABŞ-da qızılca halları son 30 ildən artıq müddətdə qeydə alınan ən yüksək həddə çatıb. 2025-ci ildən bəri təxminən 7 700 nəfər virusa yoluxub, 13 nəfər ölüb. Yoluxanların böyük əksəriyyəti peyvənd olunmayanlardır.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına əsasən, noyabrın 12-nə qədər 5 412 təsdiqlənmiş yoluxma və altı ölüm qeydə alınıb. Ştatların səhiyyə qurumları isə bu il indiyədək 10 ölüm barədə məlumat verib.
Ən çox ölüm Pensilvaniyada qeydə alınıb: qızılca ilə əlaqəli yeddi nəfər ölüb. Viskonsində iki ölüm olub. Nyu-York ştatında uşaq qızılcadan 30 ildən çox müddətdə baş verən ilk ölüm halı olub.
Yoluxmaların artdığı dövrdə peyvəndlənmə səviyyəsi aşağı düşüb, peyvəndlərə tərəddüd isə güclənib. Səhiyyə naziri Robert F. Kennedi kiçik illərdir qızılca peyvəndlərinin təhlükəsizliyini elmi sübut olmadan şübhə altına alır.
CDC epidemiyaları dayandırmaq və statusu geri qaytarmaq öhdəliyini davam etdirdiyini bildirib. Qurum ştatları lazımi vasitələrlə təmin edəcəyini və milli səviyyədə davamlı rəhbərlik göstərəcəyini vəd edib. CDC-nin direktoru Erika Şvarts statusun özünün insanları qorumadığını vurğulayıb: “Amerikalıları qızılcanın ləğv edilməsi statusu deyil, peyvəndləmə qoruyur”.
Brown Universitetinin Pandemiya Mərkəzinin rəhbəri Cennifer Nuzzo milli rəhbərliyin yetərli olmadığını deyib. Onun sözlərinə görə, belə bir böhran zamanı səhiyyə rəhbərlərindən hər gün elmi sübutlara əsaslanan eyni mesajları vermək və ştatlara epidemiyaları dayandırmaq üçün lazım olan hər cür köməyi göstərmək gözlənilir. “Biz bunu görmürük”, – Nuzzo əlavə edib.
Statusun geri qaytarılması üçün ən azı bir il tələb olunur
PAST-ın qaydalarına əsasən, ABŞ əvvəlcə virusun yayılmasını dayandırmaq yollarını əks etdirən düzəldici tədbirlər planı təqdim etməli, sonra isə ardıcıl 12 ay ərzində yoluxmanın baş vermədiyini göstərməlidir. Statusun geri qaytarılması ən azı bir il çəkəcək.
PAST-ın İmmunizasiya üzrə Kompleks Proqramının rəhbəri doktor Daniel Salas Vaşinqtonun planı bir neçə həftə ərzində təqdim etməsinin gözlənildiyini bildirib.
Mütəxəssislər ölkənin statusu geri qaytara biləcəyini, bunun üçün isə ən yüksək səviyyələr də daxil olmaqla, ictimai səhiyyə qurumlarına etimadın bərpa edilməli olduğunu düşünürlər.
Adalja epidemiyanın yayıldığı ərazilərə səyyar peyvənd klinikalarının göndərilməsini və 6–11 aylıq körpələrə vaxtından əvvəl peyvənd dozası vurulmasını təklif edib.
O, qızılca halı ilə qarşılaşmamış gənc həkimlərə xəstəliyin səpgi ilə müşayiət olunan qızdırma kimi klassik əlamətlərini tanımaq üçün təlim keçilməsinin, sonra isə xəstələrin sürətlə testdən keçirilib dərhal təcrid olunmasının vacibliyini deyib. Adalja, həmçinin uşaqların tələb olunan peyvəndlər olmadan dövlət məktəblərinə qəbuluna imkan verən qeyri-tibbi istisnaların ştatlar tərəfindən məhdudlaşdırılmasına çağırıb.
Qızılca, parotit və məxmərəkə qarşı peyvəndin iki dozası xəstəliyin 97 faiz halda qarşısını alır. ÜST kollektiv immunitetin yaranması üçün əhalinin 95 faizinin hər iki dozanı almalı olduğunu bildirir. Bu, peyvənd üçün hələ tez olan və ya başqa səbəbdən peyvənd oluna bilməyən insanları da qoruyur.
CDC-nin Yoluxucu və Zoonoz Xəstəliklər üzrə Milli Mərkəzinə əvvəllər rəhbərlik etmiş Daniel Cerniqan körpəsi bir yaşına çatmamış valideynlərin vəziyyətinin dəyişəcəyini deyib. “Əksər insanlar üçün qızılcanın ləğv edilməsi statusunun itirilməsi onlara təsir etməyən bir məsələ kimi görünə bilər. Amma bir yaşından kiçik körpənin valideynisinizsə, həyatınız dəyişəcək”, – o bildirib.
Cerniqanın sözlərinə görə, valideynlər izdihamlı yerlərdə olarkən və ya körpə ilə təyyarə ilə nənə-babanın yanına gedərkən daha ehtiyatlı davranmalı olacaqlar, çünki körpənin qızılcaya yoluxmuş şəxslə təmas riski artacaq.
Meksika və Boliviya irəliləyiş əldə etdiklərini bildirir
Statusunu itirən digər iki ölkə də vəziyyətin yaxşılaşdığını bildirir.
Boliviyanın səhiyyə naziri Marsela Flores bu il yoluxma hallarının 83 faiz azaldığını deyib. O, azalmanı peyvəndləmə, təmasların izlənməsi, sərhəd nəzarəti və icma səviyyəsində müşahidə tədbirləri ilə əlaqələndirib. “Boliviyanın yenidən qızılcadan azad ölkə olacağına əminik”, – Flores bildirib.
Meksikalı rəsmilərin sözlərinə görə, ölkədə 40,9 milyondan çox peyvənd dozası vurulub, əhatə səviyyəsi isə 90 faizə çatıb. Hökumət epidemiyanın başa çatdığını elan etməyə yaxın olduğunu bildirib.