Uels yığmasının baş məşqçisi Kreyq Bellami UEFA Millətlər Liqasının A Liqasının A4 qrupunun 6-cı turunda Portuqaliyaya 2:3 hesabı ilə məğlubiyyəti şərh edib. Qarşılaşma noyabrın 17-də baş tutub.
Portuqaliya Fernandeşin 11-ci dəqiqədə vurduğu qolla hesabı açıb. Bruks 13-cü dəqiqədə tarazlığı bərpa edib, Tomas 40-cı dəqiqədə Uelsi önə keçirib. Növbəti dəqiqədə Netu hesabı bərabərləşdirib, Forbş 70-ci dəqiqədə Portuqaliyaya qələbə qazandıran qolu vurub. Netu 74-cü dəqiqədə meydandan qovulub.
“Portuqaliyanın futbolçularının səviyyəsinə görə çətin anların olacağını bilirdik. Bəzi vaxtlarda həddindən artıq müdafiə olunmalı olurduq, amma intensivliyimiz çatmırdı. Bunun niyə baş verdiyini anlayıram”, – Bellami UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Baş məşqçinin sözlərinə görə, Uels rəqibin fərdi müdafiə üsulunu nəzərə alaraq daha çox oyunçunu arxaya çəkməyi, sonra isə müdafiəçilərin arxasında yaranan boşluğa hücum etməyi planlaşdırıb. O bildirib ki, bəzi epizodlarda bu taktika yaxşı işləyib, lakin hər iki cərimə meydançasında son addım çatmayıb və bu, komandaya mane olub.
Portuqaliya A4 qrupunda 15 xalla birinci yeri tutaraq pley-offa yüksəlib. Uels 3 xalla sonuncu olub.