Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Münhendə “France 24” telekanalına verdiyi müsahibəsində səsləndirdiyi Zəngəzur dəhlizi ilə bağlı fikirlərini şərh edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat bildirib ki, dövlət başçısının Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək quru nəqliyyat xəttinin açılacağına əminlik ifadə etməsi layihənin reallaşmasının artıq siyasi qərar mərhələsini keçdiyini göstərir.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir, Ermənistan ərazisindən keçən hissə isə cəmi 40 kilometr təşkil edir.
Vüqar Bayramov qeyd edib ki, tikinti prosesinin intensivləşdirilməsi halında dəhlizin daha qısa müddətdə istifadəyə verilməsi mümkündür. O vurğulayıb ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə əsasən, Zəngəzur dəhlizinin 2030-cu ilədək istismara verilməsi gözlənilir.
Deputatın sözlərinə görə, illik 15 milyon ton ötürmə qabiliyyətinə malik olacaq dəhliz regionun iqtisadi inkişafına ciddi töhfə verəcək.
“Zəngəzur dəhlizi yaxın perspektivdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək. Bu isə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək və region ölkələrinin tranzit gəlirlərini artıracaq”, – deyə o bildirib.
Vüqar Bayramov əlavə edib ki, dəhlizin istifadəyə verilməsi ilə Çindən yola salınan yüklərin Londona 18 günə çatdırılması mümkün olacaq.
Onun sözlərinə görə, 10 illik proqnozlara əsasən, layihə ümumilikdə 50 milyard dollaradək gəlir formalaşdıra və hər il 60 mindən çox yeni iş yerinin açılmasına şərait yarada bilər.