ABŞ və İran arasında əldə edilmiş atəşkəs razılaşması beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək qazanır. Almaniya Kansleri Fridrix Merts, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Norveçin xarici işlər naziri Espen Bart Eyde bu tarixi addımı alqışlayıblar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, rəsmilər "X" hesablarında müvafiq paylaşım edərək prosesə münasibət bildiriblər.
Fridrix Merts iki həftəlik atəşkəsi alqışladığını bildirərək, vasitəçiliyə görə Pakistana təşəkkür edib. Onun sözlərinə görə, növbəti addım davamlı sülhə nail olmaq üçün danışıqlar olmalıdır.
Andrey Sibiqa da ABŞ Prezidenti Donald Trampla İran arasında Hörmüz boğazının açılması və atəşkəs razılaşmasını alqışlayaraq Pakistanın vasitəçilik səylərinin rolunu vurğulayıb: "ABŞ-nin qətiyyəti nəticə verir. Hesab edirik ki, Moskvanı atəşkəsə və Ukraynaya qarşı müharibəsinə son qoymağa məcbur etmək üçün eyni qətiyyəti göstərməyin vaxtı gəlib".
Norveç XİN başçısı isə bildirib ki, müvəqqəti atəşkəs dünyanın təhlükəli eskalasiya astanasında olduğu bir vaxtda diplomatiyaya şans verir. O, Pakistanın, eləcə də Türkiyə və Misirin dialoqun irəliləməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib.