Maldivlər 1 yanvar 2007-ci ildən sonra doğulan hər kəs üçün siqaret çəkməyi, bu və digər tütün məhsullarını almağı və satmağı qadağan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bununla da Maldivlər dünyada “nəsillərarası siqaret qadağası” tətbiq edən ilk ölkə olub.
Hökumət tütünsüz bir cəmiyyət məqsədilə yeni siqareti tərgitmə klinikaları və mükafat proqramları başlayacaq.
Səhiyyə Nazirliyi bu qanunun qüvvəyə minməsi ilə xalq sağlamlığının qorunması və tütünsüz nəsil yetişdirilməsi istiqamətində “tarixi bir dönüş nöqtəsinə” çatdıqlarını bəyan edib.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, tütün istifadəsi hər il yeddi milyondan çox insanın ölümünə səbəb olur. Maldivlərdə böyüklərin təxminən dörddə biri siqaret çəkir, 13-15 yaş arası gənclər arasında isə bu göstərici iki dəfə çoxdur.
Bənzər qanunlar əvvəllər Yeni Zelandiya və İngiltərədə də müzakirəyə çıxarılmış, lakin qüvvəyə minməmişdi. Yeni Zelandiya 2022-ci ildə oxşar qanun qəbul etsə də, sonrakı hökumət bu qərarı 2024-də ləğv etdi. İngiltərədə isə 2009-dan sonra doğulanlara yönəlik siqaret qadağası layihəsi hələ də parlamentdə müzakirə olunur.
Maldivlər hökuməti tütün istifadəsini azaltmaq üçün ölkə miqyasında siqareti tamamilə tərgidən adalara nağd mükafat verilməsini nəzərdən keçirir.