Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün bölgələrində 20 Yanvar faciəsi zamanı şəhid olmuş vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu zaman ölkə üzrə ictimai həyat qısa müddətə dayanıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, sükut dəqiqəsi ərzində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, dənizdə gəmilərdən, yollarda isə avtomobillərdən səs siqnalları verilib. Bu addım faciə qurbanlarına ehtiramın ifadəsi kimi həyata keçirilib.
Qeyd edək ki, 20 Yanvar hadisələrinin 36-cı ildönümü münasibətilə respublikanın şəhər və rayonlarında müxtəlif anım tədbirləri təşkil olunur. Keçirilən mərasimlərdə faciənin tarixi əhəmiyyəti vurğulanır, şəhidlərin xatirəsi dərin hörmətlə yad edilir.
Yanvarın 20-si səhər saatlarından etibarən minlərlə insan Şəhidlər xiyabanını ziyarət edib. Ziyarətçilər Vətən uğrunda canından keçən qəhrəmanların məzarları üzərinə gül dəstələri düzərək onların əziz xatirəsinə ehtiramlarını bildiriblər.