Avstraliyada inşa edilməsi planlaşdırılan “Tramp Qülləsi” layihəsi dayandırılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Trump Organization"nın sözçüsü açıqlama verib.
Bildirilib ki, Avstraliyanın şərqində yerləşən və dəyəri 1,5 milyard Avstraliya dolları olan layihə yerli inşaat şirkətinin maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən dayandırılıb.
"The Sydney Morning Herald" qəzetinin yaydığı məlumata görə, aylarla davam edən danışıqlara baxmayaraq, layihəni həyata keçirən "Altus Property Group" əsas maliyyə öhdəliklərini yerinə yetirə bilməyib.
Şirkətin rəhbəri David Young bildirib ki, İrandakı müharibə və digər hadisələr fonunda ABŞ Prezidenti Donald Trampın Avstraliyadakı brendi “zəhərli hala gəlib”.
Buna cavab olaraq Tramp Təşkilatının nümayəndəsi bu açıqlamanı tənqid edib və layihənin dayandırılmasının qlobal hadisələrlə əlaqələndirilməsinin şirkətin uğursuzluqlarını gizlətmək cəhdi olduğunu deyib.
Qeyd olunub ki, Tramp Təşkilatı gələcəkdə Avstraliyada başqa layihələrin həyata keçirilməsi ehtimalını istisna etmir.
Xatırladaq ki, ABŞ Prezidentinin oğlu Erik Tramp fevral ayında "Gold Coast" şəhərində 91 mərtəbəli “Tramp Qülləsi”nin tikiləcəyini açıqlamışdı. O bildirmişdi ki, bu bina ölkənin ən hündür göydələni olacaq.
Lakin bir neçə ay keçməsinə baxmayaraq, layihə üzrə tikinti işlərinə başlanılmayıb. Bu arada, yerli sakinlərin layihənin dayandırılması tələbi ilə başladığı petisiyanı 142 mindən çox şəxs imzalayıb.