İspaniya Kataloniya polisi “Mango” şəbəkəsinin qurucusu İsak Andiçin oğlu Conatan Andiçi atasının ölümü ilə bağlı şübhəli şəxs kimi saxlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İspaniya mediası, o cümlədən “La Vanguardia” və “El Pais” məlumat yayıb.
Məlumata görə, Conatan Andiç Barselonadakı evinin yaxınlığında mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb. Onun vəkili də prosesə qoşulub.
Bildirilir ki, saxlanılma məhkəmədən əvvəl şübhəli şəxs kimi dindirilmə zərurəti ilə bağlı həyata keçirilib. İstintaq materialları isə məxfi saxlanılır.
Ailə nümayəndəsi Conatan Andiçin 14 dekabr 2024-cü il tarixli hadisə ilə bağlı ifadə verdiyini və istintaqla əməkdaşlıq etdiyini təsdiqləyib.
Qeyd edək ki, İsak Andiç həmin gün Barselona yaxınlığındakı Montserrat dağlarında gəzinti zamanı 100 metrdən çox hündürlükdən yıxılaraq həyatını itirib. Hadisə ilkin olaraq qəza kimi qiymətləndirilib və istintaq 2025-ci ilin yanvarında bağlanıb.
Lakin 2025-ci ilin oktyabrında iş yenidən açılaraq ölüm hadisəsi qətl kimi təsnif edilib. Yenidən araşdırmaya səbəb kimi Conatan Andiçin ifadəsində aşkarlanan uyğunsuzluqlar göstərilir.
İspaniya mediası həmçinin ata-oğul arasında şirkət idarəçiliyi ilə bağlı gərginliklərin olduğu barədə məlumat yayıb. Müdafiə tərəfi isə Conatan Andiçin atasının ölümündə heç bir rolunun olmadığını bildirir.