Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Babaoğlu Azərbaycan pasportlarının nüfuzu və ölkənin artan beynəlxalq mövqeyi barədə çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Azərbaycanın qlobal miqyasda rolu və nüfuzu hər il daha da yüksəlir və bu, ölkə vətəndaşlarında qürur yaradır.
Hikmət Babaoğlunun sözlərinə görə, iclasın gündəmində müzakirəyə çıxarılan yeddi məsələ nəticəsində Azərbaycan vətəndaşları, diplomatik və xidməti pasport sahibləri həmin ölkələri vizasız qaydada ziyarət edə biləcəklər. O qeyd edib ki, pasportun vizasız giriş imkanları beynəlxalq münasibətlərdə onun nüfuzunu müəyyən edən əsas kriteriyalardan biridir.
Deputat vurğulayıb ki, yeddi ölkə ilə vizasız rejimin əldə olunması Azərbaycanın beynəlxalq imicinin gücləndiyini göstərir və eyni zamanda hava nəqliyyatı, turizm, tələbə və sərnişin mübadiləsi üçün yeni imkanlar açır. Babaoğlu əlavə edib ki, qəbul ediləcək sənədlər iqtisadi baxımdan da mühüm təsirlər yaradacaq və milli maraqlara xidmət edəcək.
O, təqdim olunan qanun layihələrini dəstəkləyəcəyini bildirib.
Mehman Mirzəzadə