Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yamayka Kral III Çarlzdan köləliklə bağlı hüquqi araşdırma tələb edəcək

3 dəq
Paylaş:
Yamayka Kral III Çarlzdan köləliklə bağlı hüquqi araşdırma tələb edəcək

Yamayka hökuməti ölkədə afrikalıların kölələşdirilməsinin hüquqi əsaslarının araşdırılması üçün məsələni Böyük Britaniyanın ən yüksək məhkəmə instansiyası olan “Gizli Şura Məhkəmə Komitəsi”nə (JCPC) çıxarmağı planlaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yamaykanın Mədəniyyət naziri bildirib.

Nazirin sözlərinə görə, rəsmi Kinqston ölkənin Kral III Çarlzdan məsələ ilə bağlı tarixi addım atmasını və petisiyanın JCPC-yə göndərilməsini xahiş edəcək.

Yamayka hökumətinin təşəbbüsünün məqsədi əcdadların məruz qaldığı köləlik və istismarla bağlı hüquqi məsuliyyət məsələlərini araşdırmaq və tarixi ədalətin bərpasına zəmin yaratmaqdır.

Petisiyada üç əsas sualın cavablandırılması nəzərdə tutulur. Bunlar afrikalıların Yamaykada kölələşdirilməsinin həmin dövrdə İngiltərə qanunlarına əsasən qanuni olub-olmaması, bu əməllərin hüququ pozub-pozmaması və Böyük Britaniyanın bu gün ödəmək üçün hüquqi öhdəliyinin olub-olmamasıdır.

Qeyd olunub ki, müraciət birbaşa maliyyə təzminatı tələbini ehtiva etmir. Bununla belə, təşəbbüs məsələnin hüquqi müstəvidə araşdırılması və mümkün kompensasiya məsələsinin gündəmə gətirilməsi üçün əsas yarada bilər.

“Bukingem Sarayı”ndan da məsələ ilə bağlı açıqlama verilib. Saray Kral III Çarlzın köləliklə bağlı keçmişin səhvlərinin düzəldilməsi və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın artırılmasına səmimi yanaşdığını bildirib.

Məsələnin tarixi kökləri 1833-cü ildə imperiyasında köləliyin ləğvi dövrünə gedib çıxır. Həmin vaxt Britaniya hökuməti kölə sahiblərinə 20 milyon funt-sterlinq məbləğində təzminat ödəyib. Bu borcun ödənişi isə 2015-ci ilə qədər davam edib.

Oliviya Qrenc qeyd edib ki, kölə sahiblərinə verilmiş təzminatların ödənişi müasir dövrə qədər davam etdiyi halda, zərərçəkən tərəfin də hüquqi yollarla öz haqlarını tələb etməsi təbii hesab edilməlidir.

Yamayka hökuməti eyni zamanda kolonial dövrdə ölkədən çıxarılmış tarixi artefaktların geri qaytarılması məsələsini də gündəmə gətirib. Bu məqsədlə “Britaniya Muzeyi”nin nümayəndələri ilə danışıqların aparılması planlaşdırılır.

Nazir bildirib ki, sözügedən tarixi əsərlər Yamaykanın mədəni irsi üçün böyük əhəmiyyət daşıyır və onların ölkəyə qaytarılması istiqamətində səylər davam etdiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə