Rusiya Ukraynanın Xarkov və Sumı vilayətlərinə hücum edib, nəticədə 2 nəfər ölüb və 29 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov və Milli Polisin mətbuat xidməti bildirib.
Sinequbovun sözlərinə görə, Xarkova və vilayətin 16 yaşayış məntəqəsinə Rusiyanın zərbələri nəticəsində 2 nəfər ölüb və 8 nəfər yaralanıb.
Sumı vilayətinin hücuma məruz qalan bir neçə yaşayış məntəqəsində isə 21 nəfər xəsarət alıb.
Ən çox zərərçəkən Belopolye icmasında qeydə alınıb, burada pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində 40-dan 77 yaşınadək 9 qadın və 38-dən 82 yaşınadək 5 kişi daxil olmaqla ümumilikdə 14 nəfər yaralanıb.
Bundan əlavə, Sumı icmasında hücum nəticəsində 8 yaşlı oğlan uşağı da daxil olmaqla 3 nəfər xəsarət alıb.
Rusiyanın PUA zərbələri nəticəsində Qluxov və Şostka icmalarında daha 4 nəfər yaralanıb.