Son dövrlərdə Azərbaycana qarşı xarici media resurslarında və sosial şəbəkələrdə həyata keçirilən müxtəlif informasiya kampaniyaları diqqət çəkir. Azərbaycanın daxili və xarici siyasətini, regional mövqeyini, xüsusilə də dost və müttəfiq ölkələrlə strateji münasibətlərini hədəfə alan bu cür təzyiqlər cəmiyyətdə fikir ayrılıqları yaratmağa və dövlətə olan inamı zəiflətməyə yönəlib.
Bəs bu kampaniyaların arxasında duran geosiyasi maraqlar nədir və cəmiyyət informasiya manipulyasiyalarından necə qorunmalıdır?
Məsələ ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, informasiya mübarizəsi artıq yalnız ənənəvi media ilə məhdudlaşmır:
"Sosial şəbəkələr bu prosesin əsas platformalarından birinə çevrilib. Eyni mövzunun müxtəlif səhifələrdə və fərqli hesablar vasitəsilə eyni vaxtda yayılması diqqət çəkir. Bu üsulla ictimai rəyə təsir göstərmək və müəyyən fikirləri cəmiyyətə qəbul etdirmək cəhdləri artır. Bu kampaniyaların arxasında müxtəlif siyasi və geosiyasi maraqlar dayana bilər. Azərbaycan regionda yeni reallıqların formalaşmasında fəal rol oynayır. Ölkənin nəqliyyat, enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində mövqeyinin güclənməsi bəzi xarici qüvvələrin maraqlarına təsir edir. Bu baxımdan siyasi rəqabətin informasiya müstəvisinə keçməsi də mümkündür."
Aydın Hüseynov xüsusilə Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlərin hədəfə alınmasına toxunub:
"İki ölkə arasındakı əməkdaşlıq siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat və təhlükəsizlik sahələrini də əhatə edir. Buna görə bu münasibətlərə kölgə salmağa yönələn məlumatlar regional proseslərdən ayrı qiymətləndirilə bilməz. Amma hər tənqidi yazını və ya fərqli fikri xarici müdaxilə kimi təqdim etmək də doğru deyil. Media tənqidi ilə məqsədli informasiya kampaniyasını bir-birindən ayırmaq lazımdır. Bunun üçün məlumatın mənbəyinə, necə yayıldığına və hansı məqsədə xidmət etdiyinə diqqət etmək vacibdir."
Deputat vurğulayıb ki, belə kampaniyaların əsas təhlükəsi cəmiyyətdə inamsızlıq yaratmaqdır:
"İnsanların dövlətə, mediaya və bir-birinə inamının zəifləməsi xaricdən yayılan təsirlərin daha asan qəbul edilməsinə şərait yarada bilər. Buna görə informasiya təhlükəsizliyi də milli təhlükəsizliyin mühüm istiqamətlərindən biridir. Belə bir vəziyyətdə ən düzgün yanaşma emosiyaya qapılmadan faktlara söykənməkdir. Sosial şəbəkələrdə yayılan məlumatın mənbəyini və doğruluğunu yoxlamaq vacibdir. Media da cəmiyyəti operativ, dəqiq və obyektiv məlumatla təmin etməlidir."
Milli Məclisin deputatı sonda media savadlılığının və cəmiyyətin məsuliyyətinin vacibliyini qeyd edib:
"Azərbaycan regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasında fəal rol oynadıqca informasiya mübarizəsinin də davam etməsi mümkündür. Ona görə əsas məsələ cəmiyyətdə gərginlik yaratmaq deyil, insanların düzgün məlumatlandırılmasına nail olmaqdır. Media savadlılığının artırılması və cəmiyyətin informasiya manipulyasiyalarına qarşı daha hazırlıqlı olması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu sahədə dövlət qurumları ilə yanaşı, medianın və vətəndaşların da üzərinə ciddi məsuliyyət düşür. Doğru məlumat, sağlam düşüncə və faktlara əsaslanan yanaşma informasiya təzyiqlərinə qarşı ən mühüm müdafiə vasitələrindən biridir."