Mədəniyyət Nazirliyi Mövlud Süleymanlının vəfatı ilə bağlı ailəsinə başsağlığı verib - YENİLƏNİB-2

Mədəniyyət Nazirliyi Mövlud Süleymanlının vəfatı ilə bağlı ailəsinə başsağlığı verib - YENİLƏNİB-2
21.02.2024 22:10
Aa
dəq

Mədəniyyət Nazirliyi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatı ilə bağlı nekroloq yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əməkdar incəsənət хadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı 21 fevral 2024-cü il tarixində, ömrünün 81-ci ilində vəfat edib.

Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda – Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.

Mövlud Süleymanlı 1968-ci ildə Аzərbаycаn Radiosundа əmək fəaliyyətinə başlayıb. 1992–2009-cu illərdə Аzərbаycаn Dövlət Telerаdiо Şirkətinin rаdiо üzrə sədr müаvini vəzifəsində işləyib. O, həmçinin “Azərbaycanfilm”kinostudiyasında, "Ulduz" və “Azərbaycan” jurnаllarındа müxtəlif vəzifələrdə çalışıb.

Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub.

Daha sonra müəllifin şeirlərindən ibarət "Bir ünvan" adlı kitabı işıq üzü görüb.

Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabı çapdan çıxıb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1980-ci illərin əvvəllərindən roman janrına müraciət edən yazıçının “Köç”, “Ceviz qurdu”, “Səs” əsərləri həmin dövr üçün Azərbaycan romançılığının inkişafında ayrıca mərhələ kimi səciyyələndirilib.

M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən yazıçı “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin".

***

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi xalq yazıçısı Mövlud Süleymanlının ailəsinə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Görkəmli nasir, dramaturq, ssenarist, "Şöhrət", "Şərəf" ordenləri laureatı,
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

Xalq yazıçısının ailəsinə, bütün doğmalarına başsağlığı verir, səbr diləyirik. Uca Tanrı rəhmət eləsin".

***

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə yazıçının oğlu Elay Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, atası bir müddət əvvəl insult keçiribmiş: "İnsult keçirmişdi, 10 gün idi ki, komada idi. Təxminən yarım saat əvvəl dünyasını dəyişdi".

 

Həftənin ən çox oxunanları