Böyük Britaniyanın məşhur onlayn moda pərakəndə satıcısı "ASOS" şirkətinin həmtəsisçilərindən biri olan Kventin Qriffits Taylandda faciəvi şəkildə dünyasını dəyişib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı milyarderin Pattayada yerləşən hündürmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsindəki mənzilinin eyvanından düşdüyü bildirilir.
Hadisə şahidlərinin xəbərdarlığından sonra əraziyə çoxlu sayda polis və təcili yardım briqadası cəlb olunub.
Milyarderin cansız bədəni binanın aşağı hissəsindəki beton zəmində aşkar edilib. Faktla bağlı dərhal araşdırmalara başlanılıb.
İstintaq materiallarına görə, Qriffits vəfat etdiyi ərəfədə keçmiş həyat yoldaşı ilə ciddi hüquqi münaqişə içində olub.
Keçmiş həyat yoldaşının birgə idarə olunan şirkətdən 500 min funt-sterlinq götürdüyü iddia edilir. Ötən il qadının Qriffitsin xəbəri olmadan torpaq sahələrini və şirkət səhmlərini satmaq üçün saxta sənədlər hazırladığı şübhəsi ilə saxlanıldığı bildirilir. Hadisə yerində aparılan ilkin baxış zamanı mənzildə hər hansı mübarizə və ya zorla daxilolma izi tapılmayıb.
Polis rəsmiləri hadisənin bütün versiyalarını, o cümlədən cinayət ehtimalını araşdırır. Kventin Qriffitsin dəqiq ölüm səbəbi genişmiqyaslı ekspertiza rəyindən sonra bəlli olacaq.
Qeyd edək ki, Kventin Qriffits 2000-ci ildə Nik Robertson və Endryu Reqan ilə birlikdə "ASOS" brendinin əsasını qoyub və 2005-ci ilə qədər şirkətdə fəaliyyət göstərib. Kiçik bir müəssisə kimi işə başlayan "ASOS" illər keçdikcə 3 milyard funt-sterlinq dəyərində qlobal e-ticarət nəhənginə çevrilib.