Cənubi Koreyada itkin şəxslərin axtarışı ilə bağlı polis sistemində ciddi nöqsanlar üzə çıxıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Prezident Li Ce Myun polis fəaliyyətindəki çatışmazlıqların araşdırılması və sistemli islahatların aparılması barədə göstəriş verib. Daxili İşlər naziri Yun Hocun isə ictimaiyyətdən üzr istəyərək hadisənin polis sistemindəki struktur problemləri ortaya çıxardığını etiraf edib.
Skandalın mərkəzində Jeju adasındakı Jeju Qərb Polis İdarəsinin əməkdaşı dayanır. Polis əməkdaşının may ayında itkin düşən 37 yaşlı Canq Mi-ranın işi üzrə heç bir araşdırma aparmadan dosyeni cəmi iki saat yarım sonra bağladığı bildirilir. O, itkin qadınla əlaqə saxladığını və qadının yerinin gizli saxlanılmasını istədiyini iddia etsə də, rəsmi qeydlərdə belə bir zəngə dair məlumat aşkarlanmayıb.
Canq Mi-ranın cəsədi itkin düşməsindən 104 gün sonra yaşadığı ərazinin yaxınlığındakı təsərrüfatda tapılıb.
Hadisə ölkədə böyüklərin itkin düşməsi ilə bağlı mövcud qanunvericiliyin də yenidən gündəmə gəlməsinə səbəb olub. Qanunvericiliyə əsasən, yalnız uşaqlar, demensiya xəstələri, autizmli və ya əqli qüsurlu şəxslər rəsmi olaraq “itkin” statusu ala bilir. Bu status polisə telefon məlumatlarına çıxış, təcili xəbərdarlıq göndərilməsi və DNT analizi kimi geniş axtarış imkanları verir.
Digər böyüklər isə “evdən qaçan” kimi təsnif edilir və onlar üçün genişmiqyaslı axtarış tədbirləri avtomatik başladılmır. Statistikaya görə, ötən il Cənubi Koreyada 70 mindən çox böyük şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Bu işlərin 99,7 faizi ciddi araşdırma aparılmadan bağlanıb, 931 şəxsin isə sonradan cəsədi aşkarlanıb.
“Yonhap” xəbər agentliyinin məlumatına görə, noyabr ayına qədər 310 minə yaxın dosyenin yenidən nəzərdən keçirilməsi planlaşdırılır. Şübhəli polis əməkdaşı isə vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərdə saxtakarlıq ittihamları ilə həbs edilib.
Bildirilib ki, son 10 il ərzində böyüklərin axtarışı ilə bağlı parlamentə 10-dan çox qanun layihəsi təqdim olunsa da, onların heç biri qəbul edilməyib. Dəyişikliklərə qarşı çıxanlar isə böyüklərin öz istəkləri ilə yoxa çıxmaq hüququnun olduğunu və polisə veriləcək geniş səlahiyyətlərin sui-istifadə riskini artıracağını bildirirlər.