Rusiya Federasiyasının Krasnodar diyarında terror aktına hazırlıqla bağlı cinayət işi başlanıb. İstintaq Komitəsinə istinadən yayılan məlumatlara görə, hadisədə iki yeniyetmə iştirak edib.
İstintaq materiallarında qeyd olunur ki, mart ayında Kuban vilayətinin 18 yaşlı sakini sosial şəbəkə üzərindən terror təşkilatlarından birinin üzvü ilə əlaqə qurub. Kurator yeniyetməyə 300-500 dollar qarşılığında özüyığma bomba hazırlamağı təklif edib. O, bu tapşırığı yerinə yetirmək üçün 17 yaşlı tanışını da prosesə cəlb edib.
İstintaqın gəldiyi qənaətə görə, yeniyetmələr kuratorun göstərişi ilə aşağıdakı addımları atıblar:
- Hərbi obyektin çəkilişini aparıblar.
- Mühafizə sistemi və videomüşahidə kameralarının yerləşməsi barədə məlumatları ötürüblər.
- Bu fəaliyyətlərin müqabilində yeniyetmələrdən birinin hesabına 30 dollar köçürülüb.
FTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayətin qarşısı alınıb. Saxlanılan şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi və 30-cu maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Dindirilmə zamanı günahlarını etiraf edən yeniyetmələr məhkəmənin qərarı ilə istintaq təcridxanasına yerləşdiriliblər.