Kanadada Viktoriyа Beynəlxalq Hava Limanından Toronto Pearson Beynəlxalq Hava Limanına uçmağa hazırlaşan təyyarə azyaşlı uşağın təhlükəsizlik kəmərini taxmaqdan imtina etməsi və oturacağında ayağa qalxması səbəbindən havaya qalxa bilməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Şirkətin sözçüsü Bred Sisero açıqlamasında bildirib ki, valideynin və kabin heyətinin bütün cəhdlərinə baxmayaraq, uşaq yerində oturmayıb, buna görə təyyarə uçuş-enmə zolağından terminala geri qaytarılıb.
Təyyarənin terminala qayıtması, uşağın və valideyninin təyyarədən endirilməsi, baqajların təhvil verilməsi və rəsmi prosedurların yenidən həyata keçirilməsi müəyyən vaxt apardığından uçuş gecikib. Lakin Viktoriyа hava limanının uçuş-enmə zolağının gecə saat 00:30-da bağlanması səbəbindən reysin tamamilə ləğv edildiyi bildirilib.
Sisero təyyarənin ertəsi gün günortadan sonra Toronto istiqamətində yola düşdüyünü qeyd edib.