ABŞ-nin keçmiş müdafiə naziri Mark Esper İranın regiondakı mövqeyinin gücləndiyini bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Esper “The Hill” nəşrinə müsahibəsində İranın cəsarətinin artmasına səbəb kimi ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlardan imtina etməsini göstərib.
Məlumata görə, Esper İranın ABŞ-nin mövqeyini düzgün qiymətləndirdiyini və Vaşinqtonun təhdidlərinə məhəl qoymadığını bildirib. Onun sözlərinə görə, Tehran beynəlxalq arenada öz mövqeyinə daha çox inanmağa başlayıb və daha strateji, hesablanmış siyasət yürüdür.
Keçmiş nazir İranın “Hörmüz boğazı”nın tam açılması üçün ABŞ-yə irəli sürdüyü şərtləri də “absurd” adlandırıb. O, Vaşinqtonun bu tələbləri qəti şəkildə rədd etməli olduğunu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Donald Trampın İranla nüvə sazişindən imtina etməyə hazır olduğu və Tehran “Hörmüz boğazı”ndan gəmi keçidini tam təmin edəcəyi təqdirdə bunu ABŞ-nin qələbəsi kimi təqdim etməyi planlaşdırdığı barədə məlumatlar yayılıb.