Əlcəzairin şərqində meşə yanğınları baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində 12 nəfər həyatını itirib.
Ölkənin daxili işlər naziri Səid Sayut şərq bölgələrində davam edən yanğınlarla bağlı açıqlama verib.
Nazir bildirib ki, ilkin hesablamalara əsasən, yanğınlar nəticəsində 12 nəfər həlak olub.
Ölənlərin 4-ü Bicayə, 5-i Cicel, 3-ü isə Tizi Vuzu vilayətinin sakinləridir.
Hazırda bölgədə yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlcəzair Mülki Müdafiə Baş İdarəsinin dünən yaydığı məlumata görə, bölgəni əhatə edən isti hava dalğası fonunda 58 meşə yanğını qeydə alınıb.
Onlardan 21-i nəzarətə götürülüb, 37 yanğının söndürülməsi istiqamətində isə işlər davam etdirilir.
Qeyd edək ki, Əlcəzairdə ötən ay baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində 6 nəfər həyatını itirmişdi.