Kolumbiyanın Tolima bölgəsində şiddətli meşə yanğınları səbəbindən ictimai fövqəladə vəziyyət elan edilib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yanğınlar nəticəsində azı 50 min hektar ərazi zərər görüb.
Zərər görən ərazilərin 28 min hektarının kənd təsərrüfatı və heyvandarlıq üçün yararlı torpaqlar olduğu bildirilir.
Bölgə rəsmisi De la Espriella bildirib ki, fəlakət nəticəsində 2 min 660-dan çox istehsalçı birbaşa zərər çəkib. İlkin hesablamalara görə, iqtisadi ziyanın həcmi 134 milyard pesonu ötüb. Bundan əlavə, 163 min baş heyvanın yem və su çatışmazlığı ilə üzləşdiyi, 23 bələdiyyə və 507 kənd yaşayış məntəqəsinin ciddi zərər gördüyü açıqlanıb.
Rəsmilərin sözlərinə görə, yanğınların böyük hissəsinin qəsdən törədildiyinə dair ciddi şübhələr var. De la Espriella texniki hesabatların yanğınların məqsədli şəkildə başladıldığını göstərdiyini bildirib. Onun sözlərinə görə, cinayətlərin əsas məqsədi kənd təsərrüfatına zərər vurmaq və əhali arasında qorxu yaratmaq olub.
Yanğınların törədilməsində şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi üçün xüsusi istintaq qrupu yaradılıb. Hakimiyyət orqanları dəqiq məlumat təqdim edərək cinayətkarların tutulmasına kömək edən şəxslərə hər bir şübhəli üzrə 50 milyon pesoya, yəni təxminən 16 min dollara qədər mükafat vəd edib.
Hazırda bölgədə 205 yanğınsöndürən və çoxsaylı texniki heyət yanğınların söndürülməsinə cəlb olunub. Bununla yanaşı, bəzi şəxslərin yanğınsöndürmə işlərinə mane olmağa çalışdığı bildirilir. Suarez, Coello və San Luis ərazilərində motosikletli şəxslərin yanğınları qəsdən alovlandırdığına dair məlumatlar daxil olub.
Hökumət yanğınlar tam söndürüldükdən sonra bölgənin iqtisadi və ekoloji baxımdan bərpası üçün xüsusi plan həyata keçirməyə hazırlaşır. De la Espriella dövlətin yerli istehsalçıları tək qoymayacağını və kənd təsərrüfatının bərpası üçün zəruri dəstəyin göstəriləcəyini vurğulayıb.