Böyük Britaniyanın üç böyük hava limanını hədəf alan kibertəhlükəsizlik insidenti nəticəsində təxminən 8,7 milyon müştərinin şəxsi məlumatlarına giriş əldə edildiyi təsdiqlənib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı hava limanlarını idarə edən "Manchester Airports Group" (MAG) məsələ ilə bağlı açıqlama yayıb.
Mançester, London Stansted və East Midlands hava limanlarını idarə edən qrup sərnişin və aviasiya təhlükəsizliyinin heç bir şəkildə təhdid olunmadığını, həmçinin ödəniş və bank məlumatlarının sızdırılmadığını bildirib.
Qeyd olunub ki, əldə edilən məlumatların əsas hissəsini terminallardakı Wi-Fi xidmətlərindən istifadə zamanı toplanan elektron poçt ünvanları təşkil edib.
Bununla yanaşı, kiberhücum zamanı hava limanı rezervasiyaları ilə əlaqəli telefon nömrələri, avtomobil qeydiyyat nişanları və poçt indekslərinə də giriş əldə edilib. Hər üç hava limanında uçuş cədvəlləri və terminal əməliyyatları normal qaydada davam edir.
MAG sözçüsü verdiyi açıqlamada "Manchester Airports Group"un icazəsiz üçüncü tərəfin həyata keçirdiyi kibertəhlükəsizlik insidentinə məruz qaldığını bildirib.
Sözçünün sözlərinə görə, Mançester, Stansted və East Midlands hava limanlarında avtomobil dayanacaqları, lounge xidmətləri, sürətli keçid rezervasiyaları və Wi-Fi qeydiyyatları ilə bağlı müəyyən müştəri məlumatları əldə edilib.
Açıqlamada riskin dərhal nəzarət altına alındığı, sistemləri və müştəriləri qorumaq üçün mütəxəssis məsləhətçilərlə birgə zəruri tədbirlərin görüldüyü qeyd olunub. Aidiyyəti qurumların məlumatlandırıldığı və proses çərçivəsində onlarla əməkdaşlıq edildiyi bildirilib. Əməliyyatlarda hər hansı fasilənin yaranmadığı, hava limanlarının fəaliyyəti və avtomobil dayanacağı xidmətlərinin normal şəkildə davam etdiyi vurğulanıb.
Sözçü həmçinin MAG-in və ya giriş əldə edilən sistemlərin müştərilərin bank və ödəniş məlumatlarını saxlamadığını bildirib. Əldə edilən məlumatların elektron poçt ünvanları, telefon nömrələri, avtomobil qeydiyyat nişanları və poçt indekslərindən ibarət olduğu açıqlanıb. Şirkət müştəri məlumatlarının təhlükəsizliyinə son dərəcə ciddi yanaşdığını bildirərək insidentin yaratdığı narahatlıq və narahatçılığa görə üzr istəyib.
MAG müştərilərə göndərdiyi elektron məktubda hava limanı rəhbərliyindən gəlirmiş kimi görünən gözlənilməz e-poçt, zəng və ya mesajlara qarşı diqqətli olmağa çağırıb. Müştərilərə xatırladılıb ki, onlardan heç vaxt gözlənilmədən ödəniş və ya bank məlumatları tələb edilməyəcək.