Dünya Güləş Birliyi (UWW) Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçilərinin uğuruna həsr olunmuş xüsusi material hazırlayıb. Qurum çimərlik güləşi yarışlarında qızıl medal qazanan Tunar Quliyev və Elgün Kərimlinin çıxışlarını ön plana çıxarıb.
Quliyev son saniyələrdə qalib gəlib
70 kq çəki dərəcəsində çıxış edən Tunar Quliyev finalda Gürcüstan təmsilçisi Luka Maxaradze ilə qarşılaşıb. Hesab 1:1 olarkən əlavə göstəricilərə görə üstünlük rəqibində olub, lakin azərbaycanlı güləşçi görüşün bitməsinə 1,1 saniyə qalmış həlledici fəndi yerinə yetirib.
Gürcüstan tərəfinin video etirazı nəticəyə təsir etməyib və qarşılaşma Quliyevin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. O, qələbədən sonra çimərlik güləşi üzrə ilin məşqçisi seçilmiş Oyan Nazariani ilə birlikdə fəxri dövrə vurub.
Kərimli finalı 30 saniyəyə bitirib
90 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli Gürcüstanı təmsil edən azərbaycanəsilli Nurəddin Mustafayevə 3:1 hesabı ilə qalib gəlib. U-17 dünya çempionatının gümüş mükafatçısı olan Kərimli görüşü cəmi 30 saniyəyə başa vurub. Rəqibi Avropa çempionudur.
Beləliklə, Azərbaycan güləşçiləri yarışların ikinci günündə kişi çimərlik güləşi üzrə hər iki finalda qızıl medal qazanıblar. Hər iki finalda onların rəqibləri Gürcüstanı təmsil ediblər.