ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran və Yaxın Şərqdəki son hadisələri müzakirə etmək üçün telefon danışığı aparıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən məlumat yayıb.
Bəyanatda bildirilib ki, dövlət katibi Türkiyənin suveren ərazisinə hücumların qəbuledilməz olduğunu vurğulayıb və ABŞ-nin Ankaraya tam dəstəyini ifadə edib. Tərəflər həmçinin ikitərəfli münasibətlərin davamlı şəkildə möhkəmləndirilməsini bir daha təsdiqləyiblər.
Qeyd edək ki, martın 4-də Türkiyə Müdafiə Nazirliyi İrandan atılan və İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına daxil olan ballistik raketin NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən ələ keçirildiyini açıqlamışdı.
Məlumata görə, raketin bir parçası Hatay əyalətinə düşüb, hadisə nəticəsində xəsarət alan olmayıb.