ABŞ Prezidenti Donald Tramp Böyük Yeddiliyin (G7) sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronla birgə şəkil çəkdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məlumata görə, bu, Donald Trampın Makron cütlüyünün evliliyi ilə bağlı istehzalı açıqlamalarından sonra onların ilk birgə görüntüsü olub.
Nəşr qeyd edir ki, Emmanuel və Bricit Makron ABŞ Prezidentinin evlilikləri barədə səsləndirdiyi fikirlərdən sonra ilk dəfə onunla eyni kadra düşüblər.
Xatırladaq ki, aprelin 2-də Donald Tramp Fransa Prezidentinin “həyat yoldaşının çənəsinə vurduğu yumruqdan hələ də özünə gəlmədiyini” demişdi. O, bununla Emmanuel və Bricit Makronun Vyetnama səfəri zamanı yayılan və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan görüntülərə işarə etmişdi.
Həmin videoda Bricit Makronun təyyarənin qapısında həyat yoldaşına əl hərəkəti etdiyi görünürdü. Kadrlar müxtəlif şərhlərə səbəb olsa da, Yelisey Sarayı hadisənin ailədaxili zarafat xarakteri daşıdığını bildirmişdi.
Emmanuel Makron isə daha sonra Trampın bu mövzuda səsləndirdiyi fikirləri tənqid edərək onları “yersiz” adlandırmışdı. Fransa lideri amerikalı həmkarının sözlərinin “nə incə, nə də ləyaqətli” olduğunu vurğulamışdı.