ABŞ rəhbərliyi Qrenlandiyanın cənub hissəsində üç yeni hərbi baza inşa etməyi hədəfləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu addım, Donald Trampın əvvəlki açıqlamalarından sonra yaranmış diplomatik gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirilir.
Ağ Ev Danimarka və Qrenlandiya ilə yüksək səviyyəli təmasların davam etdiyini təsdiqləyərək, prosesin gedişatından məmnunluğunu ifadə edib.
Layihələndirilən yeni bazaların əsas məqsədi Rusiya və Çinin Şimali Atlantikadakı fəaliyyətlərini izləmək olacaq. Strateji əhəmiyyətə malik "GIUK" keçidində yerləşəcək bu obyektlərin dəniz nəqliyyatına nəzarətdə mühüm rol oynaması gözlənilir. İlkin mərhələdə köhnə hərbi hava limanının yerləşdiyi Narsarsuaq bölgəsi baza üçün ən güclü namizəd hesab olunur. Mütəxəssislərin fikrincə, xərcləri azaltmaq məqsədilə mövcud liman və hava limanı infrastrukturuna malik ərazilərə üstünlük veriləcək.
Hazırkı danışıqlar Vaşinqtonda yaradılmış kiçik bir işçi qrup tərəfindən səssiz və peşəkar şəkildə idarə olunur. Prosesə Dövlət Departamentindən Maykl Nidhem rəhbərlik edir və o, yanvar ayından bəri danimarkalı həmkarları ilə ən azı beş dəfə görüşüb. Danimarka Xarici İşlər Nazirliyi ABŞ ilə diplomatik kanalların mövcudluğunu təsdiqləsə də, detalları açıqlamaqdan çəkinir.
Məlumat üçün bildirək ki, Soyuq Müharibə dövründə adada 17 hərbi obyekti olan ABŞ-nin hazırda burada yalnız "Pituffik" Kosmik Bazası fəaliyyət göstərir. Şimal-qərbdə yerləşən bu obyekt raket xəbərdarlıq sistemləri üzrə ixtisaslaşıb. Yeni bazaların isə dəniz müdafiə potensialını artıracağı vurğulanır.