Operativ Məlumat Mərkəzi

KİV: Qrenlandiya məsələsi Davos görüşünün gündəmini dəyişdi

2 dəq
Paylaş:
KİV: Qrenlandiya məsələsi Davos görüşünün gündəmini dəyişdi
Qərb ölkələrinin milli təhlükəsizlik üzrə müşavirləri Ukrayna ilə yanaşı, ABŞ-ın Qrenlandiya planlarını da müzakirə edəcəklər.

Qərb ölkələrinin milli təhlükəsizlik üzrə müşavirləri yanvarın 19-dan 23-dək keçiriləcək Davos Dünya İqtisadi Forumu çərçivəsindəki görüşün gündəliyinə mühüm dəyişikliklər ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" “Financial Times” (FT) nəşrinə istinadən xəbər verir ki, müzakirələrin mərkəzində Qrenlandiya məsələsi dayanacaq.

İlkin planlara əsasən, görüşün tamamilə Ukraynadakı münaqişənin nizamlanmasına həsr olunması nəzərdə tutulurdu. Lakin son siyasi gəlişmələr fonunda planlar korreksiya edilib və müşavirlər yanvarın 19-da Qrenlandiya mövzusunu da nəzərdən keçirmək qərarına gəliblər.

Gündəliyin dəyişməsinə səbəb ABŞ Prezidenti Donald Trampın son bəyanatları olub. Belə ki, Tramp bir sıra Avropa ölkələrinə qarşı yeni iqtisadi təzyiq rıçaqlarını elan edib:

Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə 10% həcmində idxal rüsumları tətbiq ediləcək;

Bu rüsumlar Qrenlandiyanın ABŞ tərəfindən tam satın alınması barədə razılıq əldə olunana qədər qüvvədə qalacaq;

Fevralın 1-dən tətbiq ediləcək rüsumların dərəcəsi iyunun 1-dən etibarən 25%-ə qaldırılacaq.

Xatırladaq ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen arasında imzalanmış müdafiə müqaviləsinə əsasən, ABŞ adanın təhlükəsizliyinə görə məsuliyyət daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər