Ukrayna prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarından 3.9 milyard dollarlıq maliyyə yardımı aldıqlarını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, sözügedən məbləğ Rusiyanın dondurulmuş hesabından ödənilib.
Zelenski oxşar addımların Avropa İttifaqı tərəfindən də atılacağını - rəsmi Brüsseldən 4.38 milyard dollarlıq yardım gözlədiklərini deyib.
“Ukraynaya 50 milyard dollarlıq maliyyə yardımına dair Böyük Yeddilik (G7) ölkələrinin qərarı var. Hazırda Amerika və Avropadakı tərəfdaşlarımızla konkret icra üçün iş görürük. Bu, Ukrayna üçün həlledici məsələdir. Qarşıdakı payız və qış aylarında bizi gücləndirəcək amildir”, - deyə Zelenski əlavə edib.
eyd edək ki, Ukrayna rəhbərliyi qərb tərəfdaşlarından F-16 qırıcıları almaqla havadan müdafiəsini də gücləndirib. NATO ölkələri Ukraynaya, təxminən, 65 qırıcı vəd verib. Döyüş meydanında isə Rusiya silahlı qüvvələri öz üstünlüklərini saxlayırlar.
Rusiya ordusu son bir neçə həftə ərzində cəbhədə daha bir neçə kəndə nəzarəti ələ keçirib. Rusiya Ukraynanın, ümumilkdə, təxminən, 18 faizinə nəzarət edir. 2 ildən çoxdur ki, davam edən müharibədə hər iki tərəfdən minlərlə insan ölüb.