İranın xarici işlər naziri Abbas Arakçi bu həftə Pekinə səfərini “uğurlu” adlandırıb və Tehranla Pekin arasındakı strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
İranın xarici siyasət idarəsinin rəhbəri “X” sosial şəbəkəsində paylaşımında Çin liderləri ilə görüşlər keçirdiyini bildirib. Arakçi qeyd edib ki, İran zaman ərzində qurduğu strateji tərəfdaşlığa böyük dəyər verir.
“Çində tərəfdaşlarımızla uğurlu məsləhətləşmələr apardıq. İran zaman ərzində qurduğumuz strateji tərəfdaşlığa dəyər verir. Bu gün qəbul edilən qərarlar regionda gələcək strateji balansı müəyyənləşdirəcək və ölçüyəgəlməz nəticələrə səbəb olacaq. Prezident Si Cinpinin sülhlə bağlı irəli sürdüyü dörd prinsip əsas əhəmiyyət daşıyır”,
Arakçi Çin prezidentinin təklifləri barədə əlavə açıqlama verməyib. Çin mediasının məlumatına görə, xarici işlər naziri Van İ İranı və ABŞ-ni iyunda imzalanmış və “İslamabad Anlaşma Memorandumu” kimi tanınan müvəqqəti sülh razılaşmasına qayıtmağa çağırıb.
İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif də Prezident Si Cinpinin təşəbbüsünü alqışlayıb. O bildirib ki, bu təşəbbüslər gərginliyin azaldılması üçün vaxtında imkanlar yaradır.
“Davamlı regional təhlükəsizlik suverenliyə qarşılıqlı hörmət, məcburedici tədbirlərə son qoyulması və beynəlxalq hüquqa riayət edilməsini tələb edir. Çoxtərəfli diplomatiya sabitliyə aparan yeganə real yoldur”,
İran Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Arakçi Pekində olduğu müddətdə çərşənbə günü Türkiyədəki həmkarı və Pakistanın ordu baş komandanı ilə də telefon danışıqları aparıb. Tərəflər son regional prosesləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Çinin Yaxın Şərq diplomatiyası
Çin 2023-cü ildə Yaxın Şərq və neftlə zəngin Fars körfəzi regionundakı maraqlarını qorumaq məqsədilə İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası barədə razılaşmaya vasitəçilik edib.
Pekin razılaşmasına əsasən, 2015-ci ildən kəsilmiş Tehran-Riyad diplomatik əlaqələri bərpa olunub. İki regional rəqib səfirlikləri yenidən açmaq və siyasi münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəlib.
İran və Çin arasında iqtisadi və ticarət əlaqələri ilə yanaşı, strateji münasibətlər də inkişaf etdirilir. 2021-ci ildə Tehranda imzalanan 25 illik İran-Çin Əməkdaşlıq Proqramı çərçivəsində iki ölkə əlaqələri genişləndirmək barədə razılığa gəlib.