Ukrayna qüvvələri Rusiyada “Wildberries” şirkətinə məxsus daha iki anbara zərbə endirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi və baş icraçı direktoru Tatyana Kim məlumat yayıb.
Bildirilib ki, hücumlar Rusiyanın cənubunda yerləşən Krasnodar və Nevinnomıssk şəhərlərindəki anbar komplekslərinə yönəlib. Hadisə yerindən yayılan görüntülərdə Krasnodardakı anbarın üzərində güclü tüstü sütununun yüksəldiyi müşahidə olunub.
Ukrayna tərəfi zərbələrin Rusiyanın hərbi logistikasını zəiflətmək məqsədi daşıdığını bildirir. Prezident Volodimir Zelenskinin sözlərinə görə, hədəfə alınan obyektlər Rusiya ordusunu dron komponentləri və digər avadanlıqlarla təmin edən logistika məntəqələri olub. Kreml isə “Wildberries” obyektlərinin hərbi təchizatla əlaqəli olması barədə iddiaları rədd edib.
Qeyd olunur ki, bu, şirkətin obyektlərinə qarşı son günlərdə baş verən ilk hücum deyil. Ötən şənbə günü həyata keçirilən dron zərbəsi nəticəsində “Wildberries” obyektlərində səkkiz əməkdaşın öldüyü, yanğınların baş verdiyi və şirkətin fəaliyyətinin pozulduğu bildirilib.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev son hücum nəticəsində anbar kompleksində 10 nəfərin yaralandığını açıqlayıb. Yanğının söndürülməsi üçün bölgəyə helikopter və 100-dən çox yanğınsöndürən cəlb edilib.
Bununla yanaşı, Rusiyanın elektron ticarət üzrə lobbi qrupu “AUREK” hökumətə müraciət edərək, hücumlardan zərər çəkən şirkətlər üçün altı aylıq vergi təxirəsalınması tətbiq edilməsini təklif edib. “Wildberries” Rusiyanın ən böyük işəgötürənlərindən və onlayn ticarət platformalarından biri hesab olunur.