Ukrayna ordusunun Rusiya ərazisinə təşkil etdiyi genişmiqyaslı dron hücumları nəticəsində azı 8 nəfərin öldüyü bildirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri gecə ərzində 635-dən çox pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Buna baxmayaraq, bir sıra regionlarda mülki və hərbi infrastruktur obyektlərinə ziyan dəydiyi qeyd olunub.
Bildirilib ki, Belqorod vilayətində dronlardan biri uşaq meydançası yaxınlığına düşüb. Hadisə nəticəsində bir uşağın həlak olduğu, daha iki nəfərin yaralandığı açıqlanıb. Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova hadisəni sərt şəkildə pisləyib.
Qeyd olunub ki, Ukrayna qüvvələri son dövrlərdə Rusiyanın logistika və ticarət obyektlərini də hədəfə almaqda davam edir. İyul ayının ortalarından etibarən ölkənin ən böyük onlayn pərakəndə satış şirkətlərindən biri olan “Wildberries”in anbarlarına bir neçə dəfə zərbə endirildiyi bildirilib.
Məlumata əsasən, Samara vilayətində yerləşən “Wildberries” anbarına edilən son hücum nəticəsində yanğın baş verib, lakin xəsarət alan olmayıb.
Ukrayna tərəfi Saratov vilayətində yerləşən neft emalı zavodunu, Engels şəhərindəki hərbi hava bazasını və Kaluqa vilayətindəki neft anbarını vurduğunu açıqlayıb. Saratov vilayətinin Engels şəhərində yaşayış binasına dəyən zərbə nəticəsində iki nəfərin öldüyü bildirilib.
Bundan əlavə, Udmurtiya regionunda baş verən dron hücumu nəticəsində üç nəfərin həyatını itirdiyi qeyd olunub.
Rusiya rəsmiləri Başqırdıstanın Ufa şəhəri üzərində də PUA-ların məhv edildiyini və bəzi sənaye obyektlərinin hədəfə alındığını açıqlayıblar.
Öz növbəsində, Rusiya ordusu Ukraynanın Nikolayev limanı və ətraf ərazilərdə hərbi yüklərin daşındığı gəmilərə qarşı cavab zərbələri endirdiyini bildirib.