Böyük Britaniya ordusu “Challenger 2” tanklarını Estoniyanın Rusiya ilə sərhəddə yerləşən Vırumaa bölgəsinə göndərib. "Military Watch Magazine" (MWM) nəşrinə istinadən yayılan məlumata görə, bu addım NATO-nun "Spring Storm" (Bahar Fırtınası) adlı genişmiqyaslı təlimləri çərçivəsində atılıb.
Şotlandiya Kral Alayının 2-ci batalyonunun sərəncamında olan tankların iştirak etdiyi təlimlərin ssenarisi Rusiya qoşunları ilə mümkün genişmiqyaslı münaqişənin modelləşdirilməsini nəzərdə tutur. Mütəxəssislər bunu NATO-nun Rusiya sərhədləri yaxınlığında quru qoşunlarının sayını artırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər.
Bununla yanaşı, analitiklər "Challenger 2" tanklarının döyüş effektivliyi ilə bağlı müəyyən şübhələrini ifadə edirlər. Məqalədə qeyd olunur ki, Britaniya hərbi gücünün rəmzi sayılan bu texnikalar yüksək intensivlikli döyüşlərdə məhdud imkanlara malikdir. Xüsusilə, Ukraynadakı döyüş təcrübəsindən sonra tankların aşağı çəki-güc nisbəti, atəşə nəzarət sistemlərinin köhnəlməsi və atəş gücünün yetərsizliyi tənqid obyektinə çevrilib.
Qeyd edək ki, daha əvvəl Baltik dənizində keçiriləcək "BALTOPS" təlimlərində iştirak edəcək qüvvələrin sayının 2025-ci illə müqayisədə iki dəfə azaldılacağı bildirilmişdi. "Reuters" agentliyinin məlumatına görə, bu qərar Hörmüz boğazındakı gərginliklə əlaqədar yaranan operativ məhdudiyyətlərlə bağlıdır.