NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç Rusiyanın Şimali Atlantika Alyansı ilə münaqişə axtarmadığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, general Almaniyada keçirilən aviasiya tədbirində çıxışı zamanı Rusiyanın NATO ilə qarşıdurma niyyətində olmadığını vurğulayıb.
"Mən kəşfiyyat məlumatlarını çox diqqətlə araşdırdım. Rusiya münaqişə axtarmır. Ruslar “müdafiə ittifaqı” termininin mənasını həqiqətən başa düşürlər və bizim bəzi asimmetrik üstünlüklərimizin olduğunu da anlayırlar", - deyə Qrinkeviç bildirib.
Qeyd olunub ki, hərbi liderin fikirləri “Financial Times” nəşri tərəfindən də sitat gətirilib.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin də bir müddət əvvəl aparıcı qlobal xəbər agentliklərinin rəhbərləri ilə görüşdə ölkəsinin Avropaya qarşı hücuma hazırlaşdığı barədə iddiaları təkzib edib.
Putin bu cür açıqlamaların cəfəngiyat olduğunu, eyni zamanda ictimai rəyi çaşdırmağa yönəlmiş təxribat və dezinformasiya xarakteri daşıdığını qeyd edib.