“Sumqayıt” basketbol klubunun baş məşqçisi Uğur Özdəmir komandanın yeni mövsümə hazırlığı və qarşıya qoyulan hədəflər barədə fikirlərini bölüşüb.
Türkiyəli mütəxəssis bildirib ki, hazırda komanda 13 basketbolçu ilə məşqlərə başlayıb. Heyətdə 6 əcnəbi və 7 yerli oyunçu yer alır. O, prosesin gedişində komandanın ehtiyaclarına uyğun əlavə transferlərin mümkün olduğunu deyib.
Uğur Özdəmir 2022-2024-cü illərdə çalışdırdığı “Xırdalan”la müqayisədə Azərbaycan Basketbol Liqasının səviyyəsinin və təşkilati keyfiyyətinin yüksəldiyini vurğulayıb. Onun sözlərinə görə, büdcələrin artması və daha keyfiyyətli oyunçuların çempionata cəlb olunması əsas dəyişikliklərdəndir.
“Əsas hədəfimiz şəhəri ən yaxşı şəkildə təmsil etməkdir”
Baş məşqçi konkret hədəflərin hazırlıq və transfer prosesinin gedişində müəyyənləşdiriləcəyini qeyd edib. O bildirib ki, klubla 1+1 illik müqaviləsi var və uzunmüddətli plan qurmaq niyyətindədir.
“Əsas hədəfimiz Sumqayıt şəhərini ən yaxşı şəkildə təmsil etməkdir. Məqsədimiz meydanda mübarizə aparan və Sumqayıtı layiqincə təmsil edən komanda formalaşdırmaqdır”, – deyə Uğur Özdəmir söyləyib.
Mütəxəssis sürətli və aqressiv basketbola üstünlük verdiyini, xüsusilə müdafiəyə diqqət ayırdığını bildirib. O, Azərbaycan Basketbol Liqası ilə bağlı təcrübəsindən həm oyun modelinin formalaşdırılmasında, həm də transfer siyasətində yararlanacağını əlavə edib.