Türkiyənin Antalya vilayətində baş verən meşə yanğınları güclü küləyin təsiri ilə yaşayış məntəqələrinə doğru yayılıb. Yanğın bazar ertəsi axşam saatlarında Aksu rayonunda başlayıb.
Hakimiyyət orqanları Aksu və qonşu Kepez rayonlarında ən azı 254 evin sakinlərini təxliyə edib. Antalya ilə Isparta arasındakı avtomobil yolu müvəqqəti olaraq bağlanıb, bölgədə 2 mindən çox evdə elektrik enerjisi kəsilib.
Hadisə nəticəsində iki nəfər ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Tüstüdən zəhərlənən daha altı nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Alov və güclü tüstü təhlükəsi səbəbindən Aksudakı heyvan sığınacağından 100-dən çox it təxliyə edilərək təhlükəsiz əraziyə aparılıb. Bu barədə Antalya bələdiyyəsi məlumat yayıb.
Yanğının söndürülməsi üçün ən azı beş yanğınsöndürən təyyarə, 10 helikopter, 110 yanğınsöndürən maşın və təxminən 600 əməkdaş cəlb olunub.
Yanğınsöndürənlər yaxınlıqdakı Adana və Mersin vilayətlərində də alovla mübarizə aparıblar. Adana qubernatorluğu Karaisalı rayonunun Çorlu, Feke rayonunun Mansurlu məhəllələrində və Kozan rayonunun Düzağaç məhəlləsindəki Dağılcak ərazisində yanğınların nəzarət altına alındığını bildirib.
Yanğınlardan sonra söndürmə və soyutma işləri davam etdirilib. Hadisələr nəticəsində təxminən 132 hektar meşə sahəsinin zərər gördüyü bildirilir. Yanğınların səbəbləri ilə bağlı araşdırma başlanıb.