Türkiyədə “Hakemlər dosyesi” adı ilə tanınan araşdırma çərçivəsində daha iki hakim saxlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri Bürosunun apardığı araşdırma çərçivəsində Super Liqa hakimi Yasin Kol və Super Liqa köməkçi hakimi Göktuğ Hazar Erel saxlanılıb.
Hakimlər hansı ittihamlarla saxlanılıb?
Məlumata görə, araşdırma çərçivəsində daha əvvəl saxlanılan şəxslərdən götürülmüş rəqəmsal cihazların araşdırılması və Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) məlumatlarının təhlili nəticəsində Yasin Kol və Göktuğ Hazar Erel müəyyən edilərək saxlanılıb.
Hakimlərin 7258 saylı qanuna zidd hərəkət etmək, sənədlərin saxtalaşdırılmasında iştirak və vəzifədən sui-istifadə ittihamları ilə saxlanıldığı bildirilir.
Şübhəlilər araşdırmanın davam etdirilməsi üçün polis bölməsinə aparılıb.
Araşdırma necə başladı?
İstanbul Polisinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən, İstanbul Respublika Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri Bürosunun koordinasiyası ilə aparılan araşdırma bir neçə cinayət iddiasını əhatə edir.
İstintaq çərçivəsində açıq mənbə araşdırmaları, MASAK və HTS məlumatları, zərərçəkmiş və şahid ifadələri, həmçinin ekspert rəyləri əsasında Mərkəzi Hakim Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu və bəzi hakim və müşahidəçilərin araşdırılan əməllərlə əlaqəsinin ola biləcəyi qiymətləndirilib.
Bundan sonra İstanbul, Ankara, Elazığ və Manisada müəyyən edilmiş ünvanlara əməliyyat keçirilib.
Həmin əməliyyat zamanı MHK sədri Ferhat Gündoğdu, Türkiyə Futbol Federasiyası Fəal Hakimlər Dərnəyinin sədri Ferdi Karadoruk, MHK-nın keçmiş sədr müavini Ahmet Şahin, keçmiş MHK üzvü Yunus Yıldırım, TFF Təhsil və 4-cü Region məsulu Sebahattin Şahin, TFF Hakimlər və Müşahidəçilər Dərnəyinin İstanbul şöbəsinin təşkilati məsulu Alican Sağlar və TFF Hakimlər və Müşahidəçilər Dərnəyinin İstanbul İl Hakim Komitəsinin sədri Emre Kosif saxlanılmışdı.
Araşdırma davam etdirilir.