Türkiyə və BMT Qara dənizdə hərbi əməliyyatların dayandırılması və atəşkəsin əldə olunması məsələsini müzakirə etmək üçün Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar prosesinə hazırlaşır. Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrinə istinadən xəbər yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumata görə, sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində Türkiyə, ABŞ, Avropa ölkələri, Hindistan və Misir nümayəndələrinin iştirakı ilə qapalı diplomatik görüş keçirilib.
Yeni müzakirə raundunun oktyabrın əvvəlində təşkili nəzərdə tutulur. Vasitəçilik missiyasını İsveçrədə yerləşən Humanitar Dialoq Mərkəzi həyata keçirəcək.
Məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında bildirib ki, Ukrayna tərəfi Qara dənizdə Rusiya tankerlərinə və mülki gəmilərinə zərbələr endirməyə başlayıb. Rusiya liderinin sözlərinə görə, yalnız iyun ayının ilk 10 günündə 40-dək Rusiya gəmisi zədələnib və Rusiya buna cavab olaraq əks-tədbirlər görməyə məcbur olub. Putin Qara dənizdə gərginliyin Ukraynanın addımları nəticəsində yarandığını iddia edərək atəşkəs çağırışlarına bu kontekstdə yanaşıldığını qeyd edib.