Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda təşkil olunan Beynəlxalq Ədalət Sammitində genişməzmunlu nitq söyləyib. Dövlət başçısı müasir beynəlxalq hüquq sisteminin böhran keçirdiyini, qlobal sazişlərin getdikcə nüfuzunu itirdiyini və beynəlxalq məhkəmə instansiyalarının qərarlarının icra olunmadığını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyə lideri mövcud beynəlxalq nizamı kəskin tənqid edərək vurğulayıb:
“Beynəlxalq müqavilələr və hüquqi mexanizmlər öz təsir gücünü faktiki olaraq itirib. Eyni şəkildə, beynəlxalq ədalət məhkəmələrinin qəbul etdiyi qərarlar da icra olunmur. BMT sistemi beynəlxalq ictimaiyyətin kollektiv iradəsini və ədalət prinsipini əks etdirmirsə, bu strukturu legitimləşdirmək və ədalətli hesab etmək mümkün deyildir”.
Qəzza zolağındakı humanitar fəlakətə və hərbi əməliyyatlara toxunan Rəcəb Tayyib Ərdoğan regionun beynəlxalq hüququ saymayan və soyqırımı siyasəti yürüdən qüvvələr tərəfindən müasir dövrün en böyük konsentrasiya düşərgəsinə çevrildiyini diqqətə çatdırıb. Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti və hüquq təsisatlarını cavabdehlik göstərməyə və hüququn üstünlüyünü bərpa etməyə çağırıb.