Türkiyə Qəzza zolağındakı sabitləşdirmə qüvvələrinə hərbi müşahidəçilər, axtarış-xilasetmə və mühəndislik bölmələri göndərə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" “Türkiye” qəzetinə istinadən xəbər verir ki, Ankaranın bu qüvvələrdə iştirakı məsələsi həftənin sonunadək aydınlaşacaq.
Mümkün variantlardan biri kimi türk qoşunlarının bölgəyə yerləşdirilməsi də nəzərdən keçirilir. Bununla yanaşı, Misir, Pakistan və Azərbaycan kontingentlərinin də prosesə cəlb olunacağı bildirilir.
"TRT Haber" isə Müdafiə Nazirliyindəki mənbələrə istinadla xəbər verib ki, Türkiyə Qəzza zolağında atəşkəsin monitorinqi üçün xüsusi qrup yaradılması ilə bağlı tərəfdaş ölkələrlə danışıqları davam etdirir.
Qeyd edək ki, ABŞ hazırda Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin formalaşdırılması istiqamətində bir neçə ölkə ilə məxfi danışıqlar aparır. “Axios”un məlumatına görə, plan üzrə qüvvələrə Azərbaycan, Misir, İndoneziya və Türkiyədən nümayəndələr, eləcə də Fələstin polis bölmələri daxil olacaq. Onların anklavın Misir və İsrail sərhədlərində yerləşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, sentyabrın 29-da ABŞ prezidenti Donald Tramp Qəzza münaqişəsinin həlli ilə bağlı “hərtərəfli plan” təqdim edib. Oktyabrın 10-da isə tərəflər arasında atəşkəs razılaşması qüvvəyə minib.