ABŞ Prezidenti Donald Trampın "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində Avropa ölkələrinin rəhbərləri ilə strateji bir razılaşmaya gəldiyi məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" "Politico" nəşrinə istinadən xəbər verir ki, tərəflər İranla bağlı məsələlərdə əməkdaşlıq və bunun müqabilində Ukraynaya dəstək göstərilməsi barədə razılaşıblar.
Danışıqlarda iştirak edən mənbələrin sözlərinə görə, Donald Tramp həmkarlarına İranla razılaşmanın əldə olunması və Hörmüz boğazının minalardan təmizlənməsi prosesində dəstək vermələri üçün təzyiq göstərib.
ABŞ rəhbəri ictimaiyyət qarşısında Avropanın yardımına ehtiyacın az olduğunu bildirsə də, qapalı qapılar arxasında həm siyasi, həm də maddi dəstək tələb edib.
Mənbənin qeyd etdiyinə görə, bu tələblərin qarşılığında Donald Tramp Ukraynaya dəstək verəcəyini vəd edib:
"Hər kəs onun Ukraynanı dəstəkləyəcəyini gözləyir. O, liderlərlə məhz bu barədə danışıb".
G7 ölkələrinin rəhbərləri isə müəyyən şərtlər daxilində kömək etməyə hazır olduqlarını bildiriblər.
Fransa Prezidenti Emmanuel Makron vurğulayıb ki, minalardan təmizləmə gəmilərinin bölgəyə göndərilməsi üçün həm ABŞ, həm də razılaşmanın tərəfləri olan İran və Omanın rəsmi razılığı tələb olunur.
Qeyd edək ki, sammitin yekununda G7 liderləri tərəfindən yayılan birgə bəyanatda Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemlərinin və uzaqmənzilli silahların tədarükünün artırılacağı barədə qərar qəbul edilib.