ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bəyan edib.
Maraqlıdır, bəs liderlərin görüşü real ola bilərmi?
Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Abutalıb Səmədov tərəflər arasındakı mövcud vəziyyəti, gərginliyin pərdəarxası məqamlarını və danışıqların ehtimal olunan nəticələrini təhlil edib.
Politoloqun sözlərinə görə, gözlənilən görüşdə tərəflər mövcud vəziyyətdən çıxış yollarını müzakirə etsələr də, əsas maneə İran daxilindəki siyasi idarəetmə strukturundan qaynaqlanır:
“İran Prezidenti səlahiyyəti məhdud olan bir şəxsdir. Əsas hakimiyyət Ali Dini Rəhbərə, onun ətrafındakı yüksək vəzifəli şəxslərə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsusdur. Pezeşkianla Ali Dini Rəhbərin mövqeləri arasında ciddi fərqlər var. Mühafizəkar qanad Pezeşkianı güzəştlərə getməkdə və barışdırıcı mövqe tutmaqda təqsirləndirir, onun mövqeyini qəbul etmir. Bu səbəbdən, hətta görüş baş tutsa belə, Pezeşkianın müstəqil kəskin addımlar atmaq şansı yoxdur.”
Abutalıb Səmədov vurğulayıb ki, görüş ərəfəsində İranın Amerika Birləşmiş Ştatları ilə danışıqları davam etdirmək üçün irəli sürdüyü üç əsas şərt məlumdur. Bunlardan birincisi hərbi əməliyyatların dərhal dayandırılmasıdır. İkinci şərt kimi İranın dondurulmuş aktivlərinin üzərindən həbsin götürülməsi tələb olunur. Üçüncü mühüm məqam isə dəniz blokadasının ləğv edilməsidir.
ABŞ-nin bu şərtləri qəbul edib-etməyəcəyi və bunun növbəti mərhələlərə necə təsir göstərəcəyi sual doğursa da, ekspert hər iki tərəfin müəyyən mənada geri addım atmağa ehtiyacı olduğunu bildirir.
Politoloq qeyd edib ki, hazırkı geosiyasi şərait hər iki tərəfi kompromis axtarmağa sövq edir:
"Bir şey aydındır: həm İran uzun sürən gərginlikdən yorulub, həm də Prezident Tramp yaxşı anlayır ki, bu gedişat davam edərsə, ABŞ-də qarşıdan gələn aralıq seçkilərində respublikaçıları ağır məğlubiyyət gözləyə bilər. Məhz bu daxili və xarici təzyiqlər müəyyən nəticələrin əldə olunmasına zəmin yarada bilər."