ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi gəmiləri və təyyarələrinin İran ətrafında qalacağını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, o, Tehranın Vaşinqtonla əldə olunmuş razılaşmaya tam əməl etməyəcəyi təqdirdə ABŞ-nin yenidən hücumlara başlayacağını vurğulayıb.
Tramp "Truth Social" platformasında yazıb:
"Bütün ABŞ gəmiləri, təyyarələri və hərbi personalı əlavə silah-sursatla birlikdə əsl razılaşmaya tam əməl olunana qədər İranın daxilində və ətrafında qalacaq".
O əlavə edib ki, əgər hər hansı səbəbdən buna əməl edilməsə, əvvəllər heç kimin görmədiyi qədər böyük və güclü hücumlar başlayacaq.
Çərşənbə günü İran tərəfi bəyan edib ki, İsrailin Livana endirdiyi və yüzlərlə insanın ölümünə səbəb olan ağır zərbələrdən sonra ABŞ ilə daimi sülh sazişi üzrə danışıqları davam etdirmək məntiqsiz olar.
İki tərəf arasında İranın nüvə proqramı ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Tramp İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığını iddia edir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə atəşkəs şərtlərinə əsasən bu prosesin davam etdirilməsinə icazə verildiyini bildirir.
Tramp "Truth Social" hesabında həmçinin qeyd edib ki, heç bir nüvə silahının olmaması və Hörmüz boğazının açıq və təhlükəsiz qalması barədə çoxdan razılıq əldə olunub.