ABŞ Prezidenti Donald Tramp martın 31-dən aprelin 2-nə qədər Çinə rəsmi səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" Ağ Evə istinadən xəbər verir ki, bu səfər ABŞ Ali Məhkəməsinin prezidentin tarif siyasətinə dair verdiyi mühüm qərardan sonraya təsadüf edir.
Ali Məhkəmə Donald Tramp tərəfindən idxal mallarına tətbiq edilən genişmiqyaslı tariflərin əsas elementlərini ləğv edib.
Məhkəmə qərarına əsasən, prezident Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində səlahiyyətlərini aşaraq Çin ixracatına 20 faizlik rüsum tətbiq edib.
Bu qərarın iki dünya nəhəngi arasındakı münasibətlərdə qeyri-müəyyənliyi artıracağı gözlənilir.
Prezident Donald Tramp mətbuat konfransında bildirib ki, məhkəmənin qərarına baxmayaraq, o, 150 gün müddətinə 10 faizlik yeni qlobal tarif tətbiq etmək niyyətindədir.
O, Çin səfərinin tarixi əhəmiyyət kəsb edəcəyini vurğulayaraq, "Bu, möhtəşəm bir nümayiş olacaq" deyə əlavə edib.
Ekspertlər hesab edirlər ki, Ali Məhkəmənin qərarı Pekinin gözündə Vaşinqtonun mövqeyini zəiflədə bilər. Bununla belə, "Google", "Tesla" və digər texnologiya nəhəngləri üçün mühüm olan yarımkeçiricilər və dron texnologiyaları sahəsində bəzi məhdudiyyətlərin yumşaldılması tərəflər arasında dialoq imkanlarını saxlayır.