"Arsenal" klubunun keçmiş ulduzu Tomas Partey barəsində irəli sürülən ağır ittihamların sayı artır.
"Operativ Məlumat Mərkəzi-OMM" “Sky Sports”a istinadən xəbər verir ki, hazırda İspaniyanın "Vilyarreal" komandasında çıxış edən 32 yaşlı yarımmüdafiəçi daha iki təcavüz faktı ilə bağlı ittiham olunub.
Qanalı futbolçu 2020-ci ildə baş verdiyi iddia edilən hadisə ilə bağlı martın 13-də Vestminster Magistrat Məhkəməsində hakim qarşısına çıxacaq. Sözügedən cinayət faktı barədə hüquq-mühafizə orqanlarına ötən ilin avqust ayında məlumat verilib.
Lakin bu, Parteyə qarşı irəli sürülən ilk iddia deyil. O, daha əvvəl – sentyabr ayında Southvark Crovn Məhkəməsində iki fərqli qadına qarşı beş təcavüz ittihamını, başqa bir qadına qarşı isə cinsi təcavüz iddiasını rədd edib.
Məhkəmə sənədlərinə görə, iddia edilən bu hadisələr futbolçunun Londonun "Arsenal" klubunda forma geyindiyi 2021-2022-ci illər aralığını əhatə edir. 2020-ci ildə "Atletiko Madrid"dən 45 milyon funt-sterlinq qarşılığında transfer edilən Partey, ötən ilin iyun ayında İngiltərə klubundan ayrılmışdı.
Qana milli komandasının heyətində 50-dən çox oyuna çıxan, Dünya Kuboku və Afrika Millətlər Kuboku kimi mötəbər turnirlərdə iştirak edən futbolçunun hüquqi taleyi yaxın aylarda bəlli olacaq. Hazırda La Liqada karyerasını davam etdirən yarımmüdafiəçinin əsas mühakimə prosesinin 2 noyabrda keçiriləcəyi gözlənilir.