AnewZ-nin məlumatına görə, Taylandın enerji şirkəti “Bangchak Corp” cümə axşamı Banqkokdakı Phra Khanong neft emalı zavodunda baş verən yanğından sonra müəssisənin bütün istehsal bölmələrini dayandırıb. Hadisə nəticəsində azı yeddi nəfər xəsarət alıb.
Yanğın yerli vaxtla saat 14:45-də (Qrinviç vaxtı ilə 07:45) başlayıb. Şirkətin açıqlamasında bildirilib ki, alov təxminən 30 dəqiqə sonra nəzarətə götürülüb və söndürülüb.
Banqkokun Erawan Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, xəsarət alan yeddi nəfərdən dördünün vəziyyəti ağırdır. “Bangchak Corp”un açıqlamasında xəsarət alanlardan bəhs edilməyib.
Yanğının səbəbi araşdırılır.
Tayland paytaxtının cənub-şərqində yerləşən Phra Khanong zavodunun maksimum emal gücü gündə 120 min bareldir. “Bangchak Corp” bu zavod da daxil olmaqla iki neft emalı müəssisəsini işlədir və onların ümumi gücü gündə təxminən 300 min bareldir.
2012-ci ilin iyulunda eyni ərazidə baş verən partlayış və yanğından sonra Banqkok üzərində sıx tüstü sütunu qalxmış, hökumət isə zavodun ən azı 30 gün müddətinə bağlanmasına göstəriş vermişdi. Həmin vaxt xəsarət alan olmamışdı.