Rusiyadan yanacaq idxalının azalması fonunda Tacikistan Mərkəzi Asiya ölkələrindən aldığı yanacağın həcmini üç dəfə artırıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Tacikistan iyul ayında Türkmənistan, Özbəkistan və Qazaxıstandan ümumilikdə təxminən 34 min ton yanacaq idxal edib. Bu göstərici əvvəlki ayla müqayisədə üç dəfə çoxdur.
Bildirilib ki, dəyişiklik Rusiyada enerji infrastrukturuna edilən hücumlar nəticəsində yaranan yanacaq çatışmazlığı ilə əlaqədardır. İyul ayında Rusiyadan Tacikistana göndərilən benzinin həcmi iyun ayı ilə müqayisədə iki dəfə azalaraq 14 min tona düşüb. Dizel yanacağının tədarükü isə 2 faiz azalaraq 30 min ton təşkil edib, aviasiya yanacağının idxalı isə tamamilə dayandırılıb.
Yaranmış vəziyyət fonunda Tacikistan regional tərəfdaşlarından yanacaq tədarükünü artırmağa başlayıb. Statistikaya əsasən, Türkmənistan, Özbəkistan və Qazaxıstandan benzin idxalı 8,4 min tondan 13,8 min tona, dizel yanacağı idxalı isə 2,4 min tondan 17,6 min tona yüksəlib.
Tacikistanın Nəqliyyat Nazirliyi avqustun 6-da yanacaq təminatının şaxələndirilməsi istiqamətində işlərin aparıldığını açıqlayıb. Qazaxıstan əsas alternativ tədarükçülərdən biri kimi nəzərdən keçirilir. Bununla yanaşı, Çin, Türkmənistan, İran və Belarusla da danışıqların davam etdiyi bildirilir.
Energetika və su ehtiyatları naziri Daler Cuma daxili bazarda sabitliyin qorunması üçün bir neçə ölkə ilə əməkdaşlığın başladığını qeyd edib.
Yanacaq tədarükündə yaranan çətinliklər qiymətlərə də təsir göstərib. Avqustun əvvəlində Tacikistanda "AI-92" markalı benzinin qiyməti litri üçün 1,10-1,15 dollara, dizel yanacağının qiyməti isə 1,47-1,70 dollara qədər yüksəlib.
Qeyd edək ki, oxşar problemlə Qırğızıstan da üzləşib. Ölkə yanacaq tədarükünü artırmaq üçün Özbəkistanla danışıqlar aparır, həmçinin Azərbaycan, Türkiyə, Çin və Belarusla əməkdaşlıq imkanlarını araşdırır. Yanacaq ehtiyacının böyük hissəsini Rusiyadan qarşılayan Monqolustan isə artıq satışlara məhdudiyyətlər tətbiq edib.