Azərbaycanı UFC-də təmsil edən Tahir Abdullayev fanat.az-a müsahibəsində Ceyk Metyusla döyüş təklifi barədə danışıb. Döyüşçü bildirib ki, təklif əvvəlcə onlara edilib və qəbul etməkdə tərəddüd etməyiblər. Hazırlıq planını dəyişmədən davam etdiriblər və qələbəyə inanırlar.
Abdullayevin sözlərinə görə, yarımorta çəkidə (77 kq) çıxış edən Metyus Top-30-dadır. Azərbaycanlı idmançı rəqibini məğlub etməyin onu Top-20-yə yüksəldə biləcəyini deyib. O, nokautla qələbənin Top-20-yə, xalla qələbənin isə Top-30-a yüksəliş gətirəcəyini ehtimal edib.
Döyüşdən sonra konkret rəqibə çağırış etməyi planlaşdırmayan Abdullayev UFC-nin təklif edəcəyi istənilən idmançı ilə döyüşməyə hazır olduğunu söyləyib.
O, Rafael Fiziyev, Tofiq Musayev və Nazim Sadıxovla münasibətlərinin yaxşı olduğunu, sıx qrafikə baxmayaraq, tez-tez əlaqə saxlayıb bir-birlərinə dəstək olduqlarını bildirib. Abdullayev həmkarlarının qarşıdakı döyüşlərində uğur arzulayıb və hamısının oktaqondan qalib ayrılacağına ümid etdiyini qeyd edib.