Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ bu məhsullara 50 faiz gömrük rüsumu tətbiq edəcək

3 dəq
Paylaş:
ABŞ bu məhsullara 50 faiz gömrük rüsumu tətbiq edəcək

ABŞ administrasiyası Kanadanın Amerika məhsullarına qarşı ayrı-seçkilik xarakterli ticarət siyasəti həyata keçirdiyini əsas gətirərək, bu ölkədən idxal olunan bəzi mallara 50 faiz əlavə ediləcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Ağ Ev məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Tramp 1930-cu il Tarif Qanununun 338-ci maddəsinə əsasən Kanadadan idxal edilən müəyyən məhsullara 50 faiz əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan üç fərqli fərmanını imzalayıb.

Qeyd olunub ki, qərarın məqsədi Kanadanın ABŞ məhsullarına qarşı tətbiq etdiyi ayrı-seçkilik xarakterli ticarət məhdudiyyətlərindən yaranan mənfi təsirləri aradan qaldırmaq, həmçinin avtomobil, alkoqollu içkilər və süd məhsulları kimi əsas Amerika ixrac məhsulları üçün bərabər rəqabət şəraiti yaratmaqdır.

Həmçinin vurğulanıb ki, hər bir fərman Kanadadan idxal edilən müxtəlif məhsul qruplarına 50 faiz əlavə gömrük rüsumu tətbiq edir.

Yeni rüsum şərab, xokkey çubuqları, sement və digər məhsulları əhatə edəcək.

Bundan əlavə, yeni tarif ABŞ-Meksika-Kanada Sazişi çərçivəsinə daxil olub-olmamasından asılı olmayaraq, qərarda göstərilən bütün məhsullara şamil ediləcək.

Ağ Ev enerji məhsulları, kalium gübrəsi (potas), ABŞ Ticarətin Genişləndirilməsi Aktının 232-ci maddəsi çərçivəsində artıq tarif tətbiq olunan məhsullar, həmçinin balıq və kritik əhəmiyyətli mineralların yeni rüsumdan istisna ediləcəyini bildirib.

Məlumata görə, yeni tarif prezident fərmanlarının imzalanmasından 30 gün sonra - avqustun 19-da qüvvəyə minəcək.

Ağ Ev qərarın səbəbləri sırasında Kanadanın ABŞ-dən idxal olunan avtomobillərə tarif və kvotalar tətbiq etməsini, eyni məhdudiyyətləri digər ölkələrə şamil etməməsini göstərib.

Bildirilib ki, 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək Kanadanın ABŞ-dən idxal etdiyi avtomobillərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz azalıb.

Açıqlamada həmçinin qeyd olunub ki, Kanadanın əyalət və ərazilərinin əksəriyyəti ABŞ mənşəli alkoqollu içkilərin alınmasını, paylanmasını və pərakəndə satışını dayandırıb.

Nəticədə, 2025-ci ilin martından 2026-cı ilin fevralınadək ABŞ-dən Kanadaya alkoqollu içki idxalı illik müqayisədə təxminən 81 faiz azalıb.

Ağ Ev Kanadanın "mürəkkəb və proteksionist" kimi xarakterizə etdiyi süd məhsulları bazarı sistemini də yeni gömrük rüsumunun tətbiq edilməsinin əsas səbəblərindən biri kimi göstərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax