ABŞ və İsrail rəsmiləri İrana qarşı yeni təzyiq vasitələrinin tətbiqi imkanlarını nəzərdən keçirirlər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "The Telegraph" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər İranın iqtisadi imkanlarını məhdudlaşdırmaq məqsədilə quru mühasirəsi variantını müzakirə edirlər.
Məlumata əsasən, iyulun 28-də Ağ Evdə keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu İranın təcrid olunması üçün hərbi və qeyri-hərbi vasitələrin tətbiqi imkanlarını dəyərləndiriblər.
Bildirilib ki, tərəflər İranın idxal və ixrac əməliyyatlarını dayandırmağa yönəlmiş blokada modelinin mümkünlüyünü araşdırırlar.
İsrailli yüksək vəzifəli rəsminin sözlərinə görə, İranın əraziyə giriş-çıxış imkanlarının tam məhdudlaşdırılması ölkənin xarici ticarətinə ciddi zərbə vura bilər.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalını istisna etmədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqtonun tələbləri yerinə yetirilmədiyi təqdirdə hərbi müdaxilə variantı yenidən gündəmə gələ bilər.