İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya qanunsuz yollarla daxil olan yüzlərlə miqrant könüllü şəkildə Mərakeşə geri dönmək qərarına gəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "EFE" agentliyinin məlumatına görə, miqrantlar sərhədi keçdikləri eyni məntəqədən geri qayıdırlar.
Hadisə yerindən verilən məlumatlara əsasən, hazırda bölgədə ziddiyyətli vəziyyət yaranıb. Belə ki, bir tərəfdən miqrant qrupları Mərakeş istiqamətində geri hərəkət edir, digər tərəfdən isə kiçik qruplar hələ də Seutaya daxil olmağa çalışırlar. Bu iki hərəkətlilik eyni marşrut üzərində qarşılaşır.
Qeyd edək ki, iyulun 30-da minlərlə miqrant İspaniya sərhədini keçmək üçün kütləvi cəhd göstərib. Quru və dəniz yolu ilə həyata keçirilən keçid cəhdləri zamanı insan tələfatı qeydə alınıb. İlkin məlumatlara görə, sərhədi keçməyə çalışan ən azı 18 nəfər həyatını itirib.