Cənubi Koreya Xarici İşlər Nazirliyi Hörmüz boğazında baş verən gəmi insidenti ilə əlaqədar İranın Seuldakı səfirini rəsmi görüşə çağırır. “Operativ Məlumat Mərkəzi-OMM”-in CNN-ə istinadən yaydığı məlumata görə, mayın əvvəlində baş verən partlayış və yanğın hadisəsi ilə bağlı araşdırmalar yekunlaşıb.
Cənubi Koreya xarici işlər nazirinin birinci müavini Pak Yun Çu bildirib ki, gəmidə aşkarlanan mərmi fraqmentləri üzərində aparılan təhlillər nəticəsində, gəminin İran istehsalı olan “Noor” seriyalı gəmiəleyhinə raketlərlə iki dəfə hədəfə alındığı ehtimal edilir. Rəsmi şəxsin sözlərinə görə, raketlərdən yalnız biri partlayıb. O, həmçinin raketin gövdəsindəki açıq-mavi rəngin və bəzi detallar üzərindəki yazıların İran istehsalçısına işarə etdiyini vurğulayıb. Bununla belə, hücumun qəsdən həyata keçirilib-keçirilmədiyi hələlik dəqiqləşməyib.
Hadisə ilə bağlı əsas məqamlar:
- Panama bayrağı altında üzən gəmidə 6-sı Cənubi Koreya vətəndaşı olmaqla, ümumilikdə 24 ekipaj üzvü olub.
- Gəmi partlayışdan əvvəl BƏƏ sahillərində lövbər salmışdı.
- ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın gəmiyə atəş açdığını iddia etsə də, Tehran bu ittihamları qəti şəkildə rədd edib.
- İranın Seuldakı səfirliyi hadisə ilə hər hansı əlaqələrinin olmadığını əvvəlcədən bəyan edib və hazırkı araşdırma nəticələrinə hələlik münasibət bildirməyib.